MÜNASİBƏTLƏRDƏ ƏN ÇOX QARŞILAŞILAN PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ
Münasibət qurmaq asandır, amma onu qorumaq hər zaman asan olmur. Həyatımızda ailə, həyat yoldaşı, sevgili, dost, iş yoldaşı və digər insanlarla müxtəlif münasibətlər qururuq. Bəzən bu münasibətlər bizə xoşbəxtlik və rahatlıq gətirir, bəzən isə inciklik, narahatlıq və gərginlik yaradır. Əsas məsələ münasibətlərdə heç bir problemin olmaması deyil. Əsas məsələ yaranan problemi vaxtında görmək və düzgün həll etməyə çalışmaqdır. Münasibətlərdə ən çox rast gəlinən problemlərdən biri ünsiyyət problemidir. İnsanlar bəzən hisslərini açıq demirlər, narazılıqlarını içlərində saxlayırlar. Bir müddət sonra kiçik bir məsələ böyük mübahisəyə çevrilir. Əslində isə problem həmin gün yaranmır. Uzun müddət danışılmayan, yığılan hisslər bir gün ortaya çıxır. Ona görə münasibətdə insan öz hisslərini düzgün ifadə etməyi bacarmalıdır. “Sən məni heç vaxt anlamırsan”, “Sən həmişə belə edirsən” kimi cümlələr qarşı tərəfi müdafiəyə keçirir. Bunun əvəzinə “Mən bu vəziyyətdə özümü pis hiss etdim”, “Mən sənin məni dinləməyinə ehtiyac duyuram” demək daha sağlamdır. Buna “Mən dili” deyilir. Məqsəd qarşı tərəfi günahlandırmaq yox, öz hissimizi ona anlatmaqdır. Digər vacib məsələ dinləməkdir. Bəzən biz qarşı tərəfin danışmasını gözləyirik ki, cavab verək. Halbuki həqiqi dinləmək insanın nə dediyini və nə hiss etdiyini anlamağa çalışmaqdır. Qarşımızdakı insanın fikri bizim fikrimizdən fərqli ola bilər. Bu, onun səhv olduğu anlamına gəlmir. Münasibətlərdə ikinci böyük problem güvən məsələsidir. Güvən bir gündə yaranmır və bir gündə də bərpa olunmur. Yalan, xəyanət, gizlilik və verilən sözlərə əməl etməmək güvəni sarsıda bilər. Güvən isə dürüstlük, açıq danışıq və ardıcıl davranışla yenidən qurulur. Qısqanclıq da çox vaxt güvən problemi ilə bağlı olur. İnsan sevdiyi şəxsi itirməkdən qorxduğu üçün onu nəzarətdə saxlamağa çalışa bilər. Telefonunu yoxlamaq, kimlə danışdığını sorğu-sual etmək və hər addımını izləmək münasibəti daha sağlam etmir. Əksinə, insanı boğur. Sağlam münasibətdə sevgi ilə yanaşı azadlıq və qarşılıqlı hörmət də olmalıdır. Münasibətlərdə digər problem fərqli gözləntilərdir. İki insan bir-birini sevə bilər, amma həyata baxışları tamamilə fərqli ola bilər. Karyera, pul, yaşayış tərzi, gələcək planlar, uşaqların tərbiyəsi və ailə məsələləri ilə bağlı fərqli fikirlər münasibətlərdə gərginlik yarada bilər. Burada əsas məsələ kimin haqlı olduğunu sübut etmək deyil. Əsas məsələ ortaq yol tapmaqdır. Bəzən münasibətlərdə laqeydlik və emosional dəstəyin olmaması da ciddi problem yaradır. İnsan yalnız maddi ehtiyaclarının qarşılanmasını istəmir. O, sevilmək, dinlənilmək, dəyərli olduğunu hiss etmək istəyir. Bəzən bir “Necəsən?”, bir qucaqlaşma, bir xoş söz və ya birlikdə keçirilən qısa vaxt münasibət üçün çox böyük əhəmiyyət daşıyır. Ailə münasibətlərində bu məsələ daha da vacibdir. Ailə insanın özünü təhlükəsiz və dəyərli hiss etdiyi yer olmalıdır. Xüsusilə uşaqlar ailədə gördükləri münasibətlərdən çox şey öyrənirlər. Uşaq valideynlərinin bir-biri ilə necə danışdığını, mübahisəni necə həll etdiyini və bir-birinə necə münasibət göstərdiyini müşahidə edir. Sonra həmin davranışların bir hissəsini öz həyatında təkrarlayır. Buna görə valideynlər uşaqlara yalnız sözlə deyil, davranışları ilə də nümunə olmalıdırlar. Uşağa sevgi vermək qədər ona məsuliyyət vermək də vacibdir. Uşağın qarşısındakı bütün çətinlikləri valideyn həll etməməlidir. Uşaq yaşına uyğun olaraq öz məsuliyyətini daşımağı, səhv etməyi və səhvindən nəticə çıxarmağı öyrənməlidir. Hər şeyi uşağın əvəzinə etmək onu həyata hazırlamır. Ailədə “mən” yox, “biz” düşüncəsi daha çox olmalıdır. “Mən nə istəyirəm?” sualının yanında “Biz bunu necə həll edə bilərik?” sualını da vermək lazımdır. Ailə rəqabət yeri deyil. Ailə əməkdaşlıq, anlayış və dəstək yeridir. Münasibətlərdə mübahisələr qaçılmaz ola bilər, amma təhqir və alçaltma normal qəbul edilməməlidir. İnsan əsəbi olduğu zaman bəzən sonradan peşman olacağı sözlər deyir. Buna görə mübahisə zamanı bir qədər sakitləşmək və sonra danışmaq daha doğrudur. Məqsəd qarşı tərəfi məğlub etmək yox, problemi həll etmək olmalıdır. Bəzən münasibətdə bağışlamaq da vacibdir. Bağışlamaq edilən səhvi unutmaq və hər şeyi qəbul etmək demək deyil. Bağışlamaq keçmişdə baş verən hadisənin bu günümüzü idarə etməsinə imkan verməməkdir. Amma bağışlamaq zorakılığa və davamlı pis davranışa dözmək anlamına da gəlmir. Əgər münasibətdə davamlı təhqir, qorxutma, alçaltma, manipulyasiya və zorakılıq varsa, burada sağlam münasibətdən danışmaq olmaz. İnsan özünü təhlükəsiz hiss etmədiyi münasibətdə qalmağa məcbur deyil. Bəzən bir insanın həyatımızdan çıxması itki kimi görünür, amma sonradan bunun bizim üçün doğru qərar olduğunu anlayırıq. Sağlam münasibətin əsasını bir neçə sadə prinsip təşkil edir: hörmət, güvən, dürüstlük, empatiya, düzgün ünsiyyət, şəxsi sərhədlər və qarşılıqlı məsuliyyət. Yadda saxlamaq lazımdır ki, heç bir münasibət mükəmməl deyil. Hər ailədə, hər dostluqda, hər sevgidə müəyyən problemlər ola bilər. Amma insanlar bir-birini dinləməyi, anlamağı, hörmət etməyi və problemləri vaxtında həll etməyi bacaranda münasibətlər daha möhkəm olur. Çünki xoşbəxt münasibətin sirri böyük və bahalı şeylərdə deyil. Bəzən sadəcə bir xoş söz, vaxtında deyilmiş bir “üzr istəyirəm”, səmimi bir qucaqlaşma və “Mən sənin yanındayam” demək kifayətdir. Münasibətlər öz-özünə davam etmir. Onlara vaxt ayırmaq, diqqət göstərmək və sahib çıxmaq lazımdır. Ən əsası isə sevdiyimiz insanların qədrini onları itirməmişdən əvvəl bilməkdir.
Müəllif: Rüstəm Məcidov
Redaktor: Sevinc Qasımova
